
2025-ci il 14–28 iyun tarixlərində Bakıda böyük izdihamla keçirilən IV Beynəlxalq Baku Piano Festivalı dünyanın müxtəlif ölkələrindən istedadlı ifaçıları və musiqi kollektivlərini bir araya gətirdi. YIĞIM Payment Services bu mötəbər musiqi tədbirinin rəsmi ödəniş tərəfdaşı qismində çıxış edərək, onlayn bilet satışının və ödənişlərin qəbulunun texniki dəstəyini təmin etdi.
Festivalın təşkilatçıları ilə əməkdaşlıq çərçivəsində YIĞIM, tədbirin rəsmi vebsaytında ödənişlərin qəbulunu təmin edən etibarlı infrastruktur təqdim etdi. Bu isə tamaşaçılara həm yerli, həm də beynəlxalq bank kartlarından istifadə etməklə biletləri tez, rahat və təhlükəsiz şəkildə almağa imkan yaratdı.
"Belə miqyaslı və mədəni əhəmiyyətli bir layihənin bir hissəsi olmaqdan qürur duyuruq. Mədəniyyətin, təhsilin və ictimai təşəbbüslərin dəstəklənməsi bizim şirkətin əsas inkişaf istiqamətlərindəndir. Biz inanırıq ki, texnologiyalar bu sahələrdə tərəqqinin möhkəm dayağı ola bilər və YIĞIM olaraq bu sahələrin inkişafına öz töhfəmizi verməyə hazırıq", – deyə YIĞIM Payment Servicesin baş direktoru Vüqar Cəfərov bildirib.
Festivalın təşkilatçısı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəstə əməkdaşlığa görə minnətdarlığını belə ifadə edib:
"Belə tədbirlərin təşkili mürəkkəb və çoxşaxəli prosesdir. Bizim tələblərimizi vaxtında anlayan və çevik şəkildə reaksiya verən tərəfdaşları xüsusilə yüksək qiymətləndiririk. YIĞIM Payment Services tərəfindən təqdim olunan ödəniş inteqrasiyası bilet satış prosesində yüksək etibarlılıq və rahatlıq təmin etdi. Mədəniyyət sahəsinin inkişafı üçün bu cür şirkətlərin dəstəyi son dərəcə vacibdir."
YIĞIM Payment Services gələcəkdə də Azərbaycanda mədəniyyətin, təhsilin, idmanın və sahibkarlığın inkişafına yönəlmiş layihələri dəstəkləməyə davam edəcək və istənilən miqyaslı təşəbbüslər üçün müasir və etibarlı ödəniş həlləri təqdim edəcəkdir.
YIĞIM haqqında
YIĞIM Payment Services — Azərbaycanın aparıcı fintex şirkətlərindən biridir və ölkədə beynəlxalq PCI DSS təhlükəsizlik sertifikatını alan ilk şirkət olmuşdur. 2017-ci ildə təsis edilmiş şirkət bu gün Bolt, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və digər tanınmış brendlər də daxil olmaqla 300-dən artıq müştəriyə xidmət göstərir.
YIĞIM, Google Pay və Apple Pay vasitəsilə internetdə və mobil tətbiqlərdə ödəniş qəbul edən Azərbaycanda ilk şirkət olmuşdur. Bundan əlavə, American Express, UnionPay kartları ilə onlayn ödəniş imkanı və Visa Token Service (VISA VTS) inteqrasiyası da uğurla tətbiq olunmuşdur ki, bu da nağdsız əməliyyatların təhlükəsizliyini və rahatlığını daha da artırır.


