
Bakı, Mart 2022 – EY Azərbaycan "EY İlin Sahibkarı™" müsabiqəsinin qalibini elan etməkdən məmnunluq duyur. Bu nüfuzlu sahibkarlıq müsabiqəsi Azərbaycanda artıq üçüncü dəfə keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıqda keçirilən müsabiqəyə ABB sponsorluk edir. Müsabiqə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Bakıda yerləşən EKVITA məsləhət şirkətinin dəstəyi ilə həyata keçirilir.
Qalib iş dünyasının tanınmış nümayəndələri, beynəlxalq maliyyə institutlarının təmsilçiləri və nüfuzlu rəhbər şəxslərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçilib. Münsiflər 9 uğurlu sahibkardan ibarət namizədlər arasında seçim ediblər.
EY və tərəfdaşları ümumi qalibi 10 mart tarixində keçirilən xüsusi mükafatlandırma mərasimində açıqlayıb. Tədbirdə biznes ictimaiyyətinin nümayəndələri iştirak edib.
EY Azərbaycanın idarəedici partnyoru İlqar Vəliyev bildirib:
"Son iki il Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində sahibkarlar üçün son dərəcə çətin olub. EY tərəfindən ölkəmizdə təşkil edilən bu müsabiqə çətinliklərə baxmayaraq mübarizəsini davam etdirən, çətinlikləri dəf edən bu əzmkarlara hörmət və ehtiramın göstəricisidir. Düşünürəm ki, bu fədakar və dayanıqlı insanlar mövcud bazar pozuntularından tezliklə qurtularaq yenidən inkişaf edəcək və başqalarına ilham verməyə davam edəcəklər. EY olaraq biz 2022-ci ilin 'EY İlin Sahibkarı' müsabiqəsinin iştirakçılarını təltif etməkdən qürur duyuruq. Onların çox maraqlı hekayələri və yaşadıqları icmalar üçün yaratdıqları dəyər var."
Müsabiqənin əvvəlindən EY Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edib. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib:
"Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı üçün əsas prioritetlərdən biridir və bu istiqamətdə mühüm addımlar atılıb. Məmnunluqla bildiririk ki, artıq 3 ildir davamlı olaraq dəstəklədiyimiz 'EY İlin Sahibkarı' müsabiqəsi məhz kiçik və orta bizneslərə fokuslanıb. Sahibkarların bu müsabiqəyə maraq göstərmələri və fəallıq nümayiş etdirmələri sevindiricidir. EY Azərbaycan və digər tərəfdaşlara təşəkkür edirik."
Münsiflər heyəti iştirakçıların ərizələrini və fəaliyyəti hərtərəfli qiymətləndirərək aşağıdakı nominasiyalar üzrə qalibləri müəyyən edib:
İnnovasiyalar nominasiyası: Rəşad Mirzəyev (ATL Tech)
Sosial Təsir nominasiyası: Afət Əhmədova (ZIRA Natural & Gourmet)
Ən Yaxşı Müştəri Həlli nominasiyası: Vüqar Cəfərov (YIĞIM Payment Services)
ZIRA Natural & Gourmet şirkətinin təsisçisi Afət Əhmədova, "Sosial Təsir" nominasiyası üzrə qalib olmaqla yanaşı, bu ilki ümumi müsabiqənin qalibi seçilib. O, Azərbaycanı "Dünyanın İlin Sahibkarı" beynəlxalq müsabiqəsində təmsil edəcək və dünyanın ən innovativ və ilhamverici sahibkarları ilə yarışacaq.
Qələbədən sonra Afət Əhmədova bildirib:
"Əməklərimin münsiflər heyəti tərəfindən tanınmasından böyük qürur duyuram. Fəaliyyətim mənim inam və fəlsəfəmi əks etdirir və insanların bunu dəyərləndirməsi məni çox sevindirir."
Müsabiqənin keçirilməsi ABB və KOBİA-nın səxavətli dəstəyi sayəsində mümkün olub.
ABB İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib:
"ABB artıq 3 ildir ki, 'EY İlin Sahibkarı' müsabiqəsini dəstəkləyir. Sahibkarlığı təşviq etmək və kiçik və orta biznesi dəstəkləmək missiyamızın vacib hissəsidir. Bank olaraq işgüzar ictimaiyyətə hər cür dəstək verməyə hazırıq. Düşünürük ki, bu müsabiqə Azərbaycanda sahibkarlar üçün öz bacarıq və istedadlarını nümayiş etdirmək üçün ən effektiv platformalardan birinə çevrilib."


